“Azərbaycanlı Biznes Qurucularına Dəstək” layihəsinə start verilir

Xaricdə yaşayan azərbaycanlıların Azərbaycan Respublikasında həyata keçirilən iqtisadi islahatlar prosesinə yaxından cəlb edilməsi, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən biridir.  Bu istiqamətdə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Azərbaycanlı Biznes Qurucularına Dəstək” layihəsinə start verilib.  

Layihə Çin Xalq Respublikasının Pekin şəhərində yaşayan həmyerlimiz Kəmalə Atakişiyeva tərəfindən həyata keçiriləcəkdir.

Layihənin əsas məqsədi Çin və ABŞ bazarlarına yerli məhsullarını çıxararaq “Made in Azerbaijan” brendini uğurlu şəkildə təqdim etmək istəyən azərbaycanlı biznes qurucularına dəstək olmaqdır. Layihə çərçivəsində yeni biznes fəaliyyətinə başlayan şəxslərə biznes quruculuğu və uğurlu brendləşdirmə mövzuları üzrə təlimlər keçiriləcəkdir. Qeyd edək ki, təlimlər “1452 design” şirkətinin həmtəsisçiləri Kəmalə Atakişiyeva və Alex Olthoff tərəfindən keçiriləcəkdir.

Seminarlar başa çatdıqdan sonra iştirakçılar arasından seçiləcək iki yeni biznes qurucusuna Web Development, Web Design, Mətn yazarlığı, Marketinq məzmununun yaradılması və biznes konsultasiyası üzrə xidmətlər ödənişsiz təklif ediləcəkdir. Bu xidmətlərdən yararlanmaq istəyən digər azərbaycanlı sahibkarlara isə güzəştli qiymətlər təqdim olunacaqdır.

Digər Xəbərlər