Azərbaycan – Almaniya dostluq münasibətlərinə həsr olunan musiqi albomu nəşr edildi

Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, Almaniyada yaşayan soydaşımız Xədicə Zeynalovanın başçılıq etdiyi “Bridge of Sound” Kamera Orkestrinin təşkilatçılığı ilə Azərbaycan – Almaniya dostluq münasibətlərinin 200 illiyinə həsr edilmiş “Henrix və Leyla” adlı musiqi albomu hazırlanmışdır. “Henrix və Leyla” musiqi layihəsi üzrə işlər Almaniya və Amerika Birləşmiş Ştatlarında həyata keçirilmiş və işıq üzü görmüşdür.

“Henrix və Leyla” əsəri Əmir Pəhlivanın eyniadlı romanı əsasında yazılmışdır. Bu dramatik əsərin əsas mövzusu Alman əsilli Henrix və Azərbaycan əsilli Leyla arasında olan böyük sevgi münasibətlərinə həsr olunmuşdur. Əsərdəki hadisələr Azərbaycanın Şəmkir şəhərində (keçmiş Annenfeld şəhərində) 1942-ci ildə cərəyan edir. Bəstəkar Xədicə Zeynalova bu roman əsasında “Henrix və Leyla” əsərini kamera orkestri üçün bəstələmişdir. Əsər 12 simfonik musiqi parçasından ibarətdir.

“Henrix və Leyla” Almaniya və Azərbaycan arasında olan dostluğun və mədəni əlaqələrin inkişafına təkan verən bir layihədir. Bu layihə eyni zamanda Almaniya Mədəniyyət Nazirliyinin diqqətini cəlb edərək dəstəyini qazanmış və bu mövzuda 2019-cu ildən bir neçə konsert proqramı təşkil edilmişdir.

Layihənin məqsədi xalqlar arasında dostluğun daha da möhkəmləndirilməsinə səbəb olmaq, ölkəmizin zəngin musiqi mədəniyyətini Almaniyada yüksək səviyyədə təqdim etməkdir. “Henrix və Leyla” adlı musiqi albomunun məşhur onlayn musiqi platformalarında (Spotify, Amazon, iTunes və s.) yayımlanması nəzərdə tutulur və hazırda bununla əlaqədar olaraq layihə müəllifi tərəfindən işlər davam etdirilir.

Digər Xəbərlər