«Azərbaycan Musiqisinin İnciləri» adlı kitab nəşr olunub

Azərbaycan Diasporuna Dəstək Fondunun təşəbbüsü və maliyyəsi ilə “Azərbaycan Musiqisinin İnciləri” adlı kitab nəşr olunmuşdur. Azərbaycan Respublikasının himni və onun notları ilə başlayan, xalq və bəstəkar mahnılarından ibarət bu kitab azərbaycan və ingilis dillərində tərtib edilmişdir. 50 xalq və 32 bəstəkar mahnısının sözləri və notlarının qeyd olunduğu bu kitab xaricdə yaşayan, orda doğulub, boya-başa çatmış soydaşlarımızın milli vətənpərvərlik ruhunda yetişməsinə, mədəniyyətimizin təbliğinə, soydaşlarımızın professional səviyyədə musiqi biliklərinin artmasına töhvə verəcəkdir. Kitabda həmçinin Azərbaycanın görkəmli bəstəkarları və müxtəlif xalq mahnıları haqqında ətraflı məlumat öz əksini tapmışdır. Sözügedən bu kitabın nəşr olunması dünya azərbaycanlıları və azərbaycan musiqisinə maraq göstərən əcnəbilər tərəfindən Azərbaycanın milli musiqisinin öyrənilməsi və təbliğ edilməsi baxımından da aktualdır.

Kitab SSRİ-nin və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin ön sözü ilə nəşr olunmuşdur.

Xatırladaq ki, “Azərbaycan Musiqisinin İnciləri” kitabı xaricdə yaşayan soydaşlarımız, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları və Azərbaycan evləri ilə yanaşı həmin ölkələrdə müsiqi təhsili verən ali təhsil ocaqlarının kitabxanaları üçün də qiymətli əyani vəsait olacaqdır.

Kitab mədəni irsimizin beynəlxalq aləmdə tanıdılması üçün həyata keçirilən davamlı fəaliyyətin bir parçasıdır.

Digər Xəbərlər