“Küləklər şəhəri” kitabının təqdimatı keçirilib

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə tanınmış eston yazıçısı və ictimai xadim, tədqiqatçı Kersti Kivirüütün “Küləklər şəhəri” kitabının təqdimatı keçirilib.

Martın 12-si saat 14.30-da Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində eston yazıçısı Kersti Kivirüütlə, eyni zamanda kitabı ana dilimizə tərcümə etmiş, Tallində Azərbaycan mədəniyyətinin təbliğatçısı, "Ocaq" radio verilişinin yaradıcısı və aparıcısı Sənəm Əliyeva ilə görüş olub.

Eston yazıçısı Kersti Kivirüütün “Küləklər şəhəri” romanı sovet hakimiyyətinin qurulması ərəfəsində Azərbaycanda baş verən hadisələrdən və o dövrdə Bakıda yaşayan əcnəbilərin həyatından, onların xüsusi maraqlarından bəhs edir. Yarımçıq qalmış işlərini həyata keçirmək üçün sonrakı illərdə yenidən Bakıya can atan insanlar burada öz cənnətlərini axtarıb tapmağa çalışırlar. Əsər Azərbaycanın müasir dövr tarixinin müəyyən taleyüklü məqamlarına da işıq tutur.

Azərbaycan xalqının tarixi köklərinə dair maraqlı faktlar, Xocalı faciəsi, qaçqınlıq həyatı yaşayan insanların ağır şəraiti və real həyat həqiqətləri arasında ortaq məqamlar əsərin əsas süjet xəttini təşkil edir. Macəra və detektiv janrında yazılmış romanın süjeti dramatik hadisələr üzərində qurulub. Əsərdə hadisələr azərbaycanlı idmançı Rüfətlə eston qızı Annelisin sevgi hekayəsi ətrafında cərəyan edir.

Digər Xəbərlər