Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu keçirilib

Martın 13-də Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu keçirildi. Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, Almaniya Azərbaycan Tələbə və Elmi işçilər birliyi (VASW), Almaniyanın Freiberg Universiteti və "Horizon Education Agency" təşkilatının birgə təşkilati dəstəyi ilə Bakıda İkinci Qlobal Mühəndislik Simpoziumu  həyata keçirilib. Simpozium neft mühəndisliyi, kimya mühəndisliyi, dağ-mədən texnologiyaları, mexanika, tikinti və informasiya texnologiyaları sahələrindən olan insanları bir araya gətirmək və fikir mübadiləsi üçün bir platforma təklif etmək üçün təşkil olunub. Azərbaycanda fəaliyyət göstərən universitetlərdə təhsil alan tələbələrə, eləcə də müxtəlif mühəndislik fənnlərini öyrənən gənc mütəxəssis və alimlərə mühəndislik fəaliyyətinin spektri haqqında təsəvvür əldə etmək və şəxsi şəbəkə qurmaq imkanı yaradılıb. Qlobal Mühəndislik Simpoziumunun təşkil olunmasında əsas məqsəd ölkəmizdə  mühəndis olmağa can atan gənclərin bu sahənin peşəkarları ilə görüşərək mühəndislik sahəsində bilik və bacarıqlarının artırılmasını təmin etmək, həmçinin, onları həvəsləndirmək və motivasiya etmək,  gənclərimizin ölkəmizdə və xaricdə mühəndislik karyeralarını uğurla qurmasına təkan verməkdir. 

Elmi-tədqiqatlar sahəsində təşəbbüskarlığı ilə seçilən bir qrup azərbaycanlı gənc tərəfindən reallaşdırılan Qlobal Mühəndislik Simpoziumu Almaniyada da maraqla qarşılanıb. Freiberg Universitetinin internet səhifəsində simpoziumla bağlı məlumat dərc olunub. 

Növbəti simpozium 2020-ci ilin 24 oktyabr tarixində Cənubi Afrika Respublikasının Bloemfontein şəhərində baş tutacaq.

 

Digər Xəbərlər