Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılmasından 2 il ötür

Dünya azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli-mənəvi dəyərləri sistemləşdirmək, onların ölkə vətəndaşları və xaricdə yaşayan soydaşlarımız arasında yayılmasını təmin etmək və həmvətənlərimizlə əlaqələri daha da genişləndirmək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq ideologiyasını təbliğ etmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Ölkəmizdə keçirilmiş islahatların və nailiyyətlərin dünyaya çatdırılması, dünya azərbaycanlılarının milli-mənəvi dəyərlərinin qorunması, Azərbaycan diaspor təşkilatlarının və üzvlərinin fəaliyyətinə dəstək verilməsi, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsinin gücləndirilməsi və bu sahəyə dövlət dəstəyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində publik hüquqi şəxs statuslu Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.

Fond fəaliyyətini xüsusi elektron sistem vasitəsilə qeydiyyat əsasında həyata keçirir. Fəaliyyətə başladığı gündən etibarən 112 diaspor təşkilatı və 98 fiziki şəxs Fondun elektron sistemində qeydiyyatdan keçib. Bu günədək təşkilatların təqdim etdiyi 92 layihədən 44-ü,  fiziki şəxslər tərəfindən təqdim edilən 53 layihədən 17-i maliyyələşdirilib.

Fondun fəaliyyətinin daha geniş miqyasda tanıdılması və məlumatlılığın artırılması məqsədilə 20-dən çox ölkədə təqdimatlar keçirilib.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin təşkilatlanması, diaspor fəaliyyətinə cəlb edilməsi Fondun prioritet istiqamətlərdən biridir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdən biri də Azərbaycan diasporunun gənc nümayəndələrinin yay düşərgəsi layihəsi çərçivəsində bir araya gətirilməsidir. Azərbaycan Diasporuna Dəstək Fondu Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, peşəkar və güclü diaspor fəaliyyəti ilə bağlı bilik və səriştənin artırılması, diaspor gənclərinin yerli, milli və beynəlxalq səviyyədə təbliğat, siyasət və qərar qəbuletmə  strukturlarında iştirak potensialının artırılması məqsədilə Avropada yaşayan gənclər üçün Belçika Krallığında fəaliyyət göstərən Avropa institutları və beyin mərkəzlərində təcrübə proqramı təşkil edib. Bu istiqamətdə atılan bir digər addım isə 2 fevral – Gənclər Günü münasibətilə Vyanada Azərbaycan diaspor gənclərinin görüşü layihəsidir. “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” üzrə mövzuların yer aldığı tədbirdə ABŞ-dan Çinə qədər geniş coğrafi əraziyə yayılmış 60 nəfər azərbaycanlı gənclər iştirak ediblər.

Bütün dünyada yayılan COVİD-19 pandemiyasının yaratdığı dərin böhran dövründə Fond xüsusi olaraq fəaliyyət göstərib. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən ünvanlanan müraciətlərə əsasən Kanadadan Tailanda qədər maddi yardımlar həyata keçirilib. Pandemiya səbəbilə tətbiq olunan karantin rejimində  xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə “Biz birlikdə güclüyük” adı altında virtual intellektual oyun və silsilə konsert proqramları təşkil olunub.

28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə “Mühacirlər” layihəsi reallaşdırılıb. Azərbaycan Demokratik Respublikasının qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri haqqında hazırlanan video çarxlar 7 gün boyunda Fondun sosial şəbəkə hesabları üzərindən yayımlanıb. 

Digər Xəbərlər