30 iyul 2020-ci il tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

İclasın gündəliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən 2020-ci ilin yanvar-iyul ayları ərzində görülən işlər, pandemiya səbəbilə həyata keçirilən maliyyə yardımları və Fondun elektron sisteminə ünvanlanan yeni layihə müraciətləri müzakirə olunub.

Xaricdə yaşayan azərbaycanlıların diaspor fəaliyyətinin möhkəmləndirilməsi və diaspor təşkilatlarının mütəşəkkilliyinin artırılması məqsədilə 2020-ci ilin yanvar- iyul ayları ürzə həyata keçirilən layihələr haqqında ümumi məlumat verilib.  Bu istiqamətdə dünya azərbaycanlıları gənclərinin vahid platforma ətrafında bir araya gətirilməsi, xüsusilə Avropada diasporun mərkəzləşmiş fəaliyyətinin təmin edilməsi, gənclərin Vətənlə bağlılığının daha da gücləndirilməsi məqsədilə 1-2 fevral 2020-ci il tarixində Vyana şəhərində keşirilən "Azərbaycan Diaspor Gənclərinin Görüşü" layihəsi qeyd olunub. Çindən ABŞ-a qədər müxtəlif ölkələrdən 55 sayda diaspor gəncinin iştirak etdiyi layihədə “Milli kimlik və diaspor siyasəti”, “Sahibkarlıq və innovasiya”, “Əməkdaşlıq və təhsil” mövzuları üzrə müxtəlif debatlar təşkil edilib.

Azərbaycan Respublikasında 24 mart 2020-ci il tarixindən etibarən COVİD-19 qlobal pandemiyası ilə bağlı karantin rejimi elan olunması səbəbilə Fond onlayn platformalar üzərindən fəaliyyətini həyata keçirib. Azərbaycan Diasporuna Dəstək Fondu koronavirus epidemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə bir sıra layihələr həyata  keçirib. Bu istiqamətdə ilkin olaraq xaricdə yaşayan azərbaycanlı incəsənət nümayəndələrinin iştirakı ilə silsilə konsert proqramlarının təşkil edildiyi bildirilib. Avstriya, Türkiyə, ABŞ, Kanada, Fransa, Oman Sultanlığı, Niderland Krallığı kimi ölkələrdə yaşayan azərbaycanlı musiqiçilər “Biz birlikdə güclüyük” adlı canlı konsert proqramı ilə çıxış ediblər.

16-25 aprel 2020-ci il tarixində Virtual İntellektual Oyun layihəsi həyata keçirilib. Layihə xaricdə yaşayan azərbaycanlıların intellektual səviyyədə biliklərinin artırılmasına, zehni inkişafın stimullaşdırmasına, eləcə də komanda şəklində yarışaraq dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın bir-biri ilə əlaqə quraraq şəbəkələşmənin möhkəmlənməsinə  imkan yaradıb. Fondun “Facebook” sosial şəbəkə hesabı üzərindən keçirilən yarışda Rusiya, Avstriya, Litva, Türkiyə, Kanada, İspaniya, İordaniya, Fransa, Macarıstan, Cənubi Koreya, Polşa, İtaliya olmaqla on iki ölkə üzrə on dörd komanda iştirak edib.

28 may 2020-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünün tamam olması münasibətilə mühacir həyatı yaşamış Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu, Ceyhun Hacıbəyli, Mustafa bəy Vəkilov, Xosrov bəy Sultanov və Sürəyya Ağaoğlu olmaqla Azərbaycan Demokratik Respublikasının qurucularının, ictimai-siyasi xadimlərin və görkəmli ziyalıların fəaliyyətləri haqqında video çarxlar hazırlanaraq 7 gün müddətində Fondun “Facebook”, “Instagram”, “Twitter” və “Youtube” sosial şəbəkə hesabları üzərindən yayımlanıb.

Yeni növ koronavirus COVID-19 pandemiyasının yaratdığı dərin böhran və çətinliklərin soydaşlarımıza mənfi təsirlərini azaltmaq məqsədilə Fondun müxtəlif miqyaslı yardımlar həyata keçirərək ümumilikdə 146 nəfərə maliyyə dəstəyi göstərdiyi bildirilib.

Müşahidə Şurasının 2 mart 2020-ci il tarixində keçirilən sonuncu iclasında maliyyə yardımının ayrılması ilə bağlı qərar verilmiş layihələr yenidən müzakirə edilib. Pandemiya səbəbilə icrası təxirə salınan layihələrə  yenidən baxılıb və müəyyən dəyişikliklər edilməsi ilə bağlı qərarlar qəbul edilib.

İclasın gündəliyinə daxil olan digər mövzu isə Fondun elektron sisteminə  diaspor təşkilatları və fiziki şəxslər tərəfindən 2020-ci ilin ikinci rübünə dair təqdim olunan layihə müraciətləri olub. Layihələrin qısa məzmunu, büdcə sənədi və rəylərdə göstərilən problemlərin müzakirəsi əsasında Müşahidə Şurası diaspor təşkilatları tərəfindən ünvanlanan 4 layihəyə və fiziki şəxslər tərəfindən ünvanlanan 5 layihəyə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı qərar qəbul edib.

Digər Xəbərlər