Diaspor Gənclərinin II Yay Düşərgəsi

14 İyul 2019
  Diaspor Gənclərinin II Yay Düşərgəsi

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədilə  8-14 iyul 2019-cu il tarixlərində Diaspor Gənclərinin II Yay Düşərgəsi layihəsi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq Azərbaycan Diaspor Gənclərinin II Yay Düşərgəsi də məhz Nəsiminin 650 illik yubileyinə həsr olunmuşdur. Layihədə iştirak üçün 51 ölkədən 372 müraciət daxil olmuşdur. 12 iyun 2019-cu il tarixində elan olunan seçim nəticələrinə əsasən 47 ölkədən 107 nəfərin iştirakı təsdiqlənmişdir. Layihə  Şamaxı şəhəri Vergilər Nazirliyinin Tədris Mərkəzində həyata keçirilmişdir. Layihə çərçivəsində bir sıra tanınmış elm, mədəniyyət və dövlət nümayəndələri ilə görüşlər keçirilmiş, tarixi məkanlara səfərlər təşkil edilmiş, intellektual və idman oyunları, həmçinin panel müzakirələri aparılmışdır.