Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədəlinin “The Spirit of Azerbaijan” musiqi albomu ictimaiyyətə təqdim olunub. Layihənin hazırlanmasında məqsəd milli musiqimizin geniş təbliği, Azərbaycan xalq və bəstəkar mahnılarının daha geniş auditoriyaya tanıdılmasıdır. Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılıb. Albomda Etibar Əsədlinin royalda canlı ifası ilə Azərbaycan Xalq mahnılarından “Küçələrə su səpmişəm”, “Sarı gəlin”, bəstəkar mahnılarından Fikrət Əmirov “Mən səni araram”, Emin Sabitoğlu “Bəlkə, bəlkə, bəlkədə”, Səid Rüstəmov “Qurban adına”, Sevil Əliyeva “Qayıt əzizim”, Tofiq Quliyev “Əziz dost”, Muğam improvizasiya və müəllifin öz bəstələri lentə alınıb. Layihənin musiqi redaktoru Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur.