Xaricdə yaşayan azərbaycanlıların yaratdıqları ictimai, mədəni və digər birliklərin fəaliyyətinin təşkilinə və inkişafına maddi yardım göstərmək Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təşəbbüsü ilə yaradılan “Era Teatrı”nın “Aktyorluq, teatr və kino” kursları layihəsi Fond tərəfindən maliyyələşdirilib.
4 avqust 2020-ci il tarixində “Era Teatrı”nın yeni ofisinin açılış mərasimi keçirilib. Tədbirdə parlamentin, diplomatik korpusun, azərbaycanlı icmasının, yerli ictimaiyyətin nümayəndələri və “Era Teatrı”nın üzvləri iştirak ediblər.
Mərasimi giriş nitqi ilə açan teatrın bədii rəhbəri Anar Rafiqoğlu qonaqları paytaxtın mərkəzindəki yeni ofislərində salamlamaqdan məmnun olduğunu bildirib. Bədii rəhbər teatrın keçdiyi yola nəzər salıb, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə daha maraqlı fəaliyyət mərhələsinə qədəm qoyduqlarını vurğulayıb.
Mərasimdə Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Rəhim Rəhimzadə, Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri Rafiq Hümmət, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Namiq Hacıyev, publisist-tərcüməçi Cambul Məmmədli, Qaratəhlə orta məktəbinin direktoru Bəhram İsayev və başqaları çıxış ediblər. Natiqlər bu mədəniyyət hadisəsini Gürcüstanda fəaliyyət göstərən Azərbaycan teatrlarının tarixində əlamətdar bir gün kimi qiymətləndirərək, teatrın kollektivinə uğurlar arzulayıblar.
Tədbirin bədii hissəsində gənc aktyor Əli İlqaroğlunun monoloqu alqışlarla qarşılanıb.