Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 yeni növ koronavirus epidemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə konsert proqramları təşkil edib. Konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanıb.
İlk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı Vyana Konservatoriyasının məzunu, musiqiçi Karen Danger- Manafzadə 11 aprel 2020-ci il, Bakı vaxtı ilə 22:00-da çıxış ediblər. Qeyd edək ki, Abuzər Manafzadə dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnmişdir.
Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev 13 aprel 18:00-da Paris şəhərindən konsert proqramı ilə çıxış edib. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan Ağarəhim Quliyev fleyta alətində ifa edəcəkdir. Ağarəhim Quliyev dünyanın ən nüfuzlu beynəlxalq musiqi müsabiqələrindən biri olan “Qızıl açarlar” müsabiqəsində fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.
Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova 16 aprel 22:00-da ABŞ-ın Nyu York şəhərindən fortepiano ifası ilə çıxış edib. Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. O, bir çox beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosentidir.
Tanınmış pianoçu Səidə Zülfüqarova 18 aprel 19:00-da Fransanın Paris şəhərindən növbəti konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səidə Zülfüqarova bir çox milli müsabiqələrin qalibi olmaqla yanaşı, IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil almış və Fransa Dövlət Diplomuna layiq görülmüşdür.
Oman Sultanlığının paytaxtı Maskatda yaşayan azərbaycanlı musiqiçi, Sənətşünaslıq üzrə Fəlsəfə doktoru Vüsalə Əmirbəyova 21 aprel saat Bakı vaxtilə 22:00-da konsert proqramı ilə çıxış edib. Azərbaycan və dünya bəstəkarlarının əsərlərini pianoda ifa edən Vüsalə Əmirbəyovanı Sultan Qabus Universitetinin müəllimi Şəbnəm Şıxəliyeva qanun aləti ilə müşayiət edib. Vüsalə Əmirbəyova Yaponiya, Sinqapur, Tailand, Rusiya, Almaniya, Böyük Britaniya kimi ölkələrdə keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil edib və bir çox mükafatlara layiq görülüb. Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayev, Üzəyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev yaradıcılığı ilə bağlı beynəlxalq konfranslarda təqdimatlar həyata keçirib.
Növbəti konsert proqramı 23 aprel tarixində 22:00-da fortepianoda Jalə Rəsulova və skripkada Fərid Feyzullayevin ifasi ilə yayımlanıb.
Jalə Rəsulova Bakı Musiqi Akademiyası və Macarıstanın Ferens List adına Musiqi Akademiyasının məzunudur. Azərbaycan, İtaliya, Macarıstan, Slovakiya, Sloveniya ve Avstriyada həm solo, həm ansambllarla çıxış etmiş musiqiçi hazırda fəaliyyətini Vyana şəhərində davam etdirir.
Avstriyanın Musik und Kunst Privatuniversitat der Stadt Wien Universitetində təhsil almış Fərid Feyzullayev Almaniya, İspaniya, İtaliya, İngiltərə kimi ölkələrdə solo konsertlər verməklə yanaşı bir çox yerli və beynəlxalq mükafatlara layiq görülüb.
Azərbaycan Respublikasının əməkdar artisti İslam Manafov və qızı bəstəkar, pianoçu, dirijor Turan Manafzadə 26 aprel 22:00-da konsert proqramı ilə çıxış ediblər. İslam Manafov səhnə fəaliyyəti ilə yanaşı, Türkiyənin Yeditepe Universitetində pedaqoji fəaliyyətini də davam etdirir və Bakı Musiqi Akademiyasının dosentidir. Qızı Turan Manafzadə də öz növbəsində musiqi fəaliyyətində bir çox uğurlara nail olub. O, 2017-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti adına layiq görülüb və bir çox beynəlxalq müsabiqələrdə iştirak edərək dərəcələr əldə edib.
Niderland Krallığında yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırova 29 aprel Bakı vaxtı ilə 22:00-da solo ifa ilə çıxış edib.1996-cı ildən Niderlandda yaşayan Firəngiz Bağırova Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədridir. Həyata keçirdiyi fəaliyyəti nəticəsində o, Niderland cəmiyyətini Azərbaycan musiqisi ilə tanış edir, müxtəlif konsert proqramları ilə çıxış edir.