“Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi və yerli məhsulları Çin və ABŞ kimi ölkələrdə uğurlu şəkildə təqdim etmək istəyən soydaşlarımıza dəstək olmaq məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə “Azərbaycanlı Biznes Qurucularına Dəstək” layihəsi baş tutub.
Çin Xalq Respublikasının Pekin şəhərində yaşayan həmyerlimiz Kəmalə Atakişiyeva və amerikalı mütəxəssis Alex Olthoff tərəfindən yeni biznes fəaliyyətinə başlayan şəxslərə biznes quruculuğu və uğurlu brendləşdirmə mövzuları üzrə təlimlər keçirilib. Seminarlar başa çatdıqdan sonra iştirakçılar arasından seçilən iki yeni biznes qurucusuna Web Development, Web Design, Mətn yazarlığı, Marketinq məzmununun yaradılması və biznes konsultasiyası üzrə ödənişsiz xidmətlər həyata keçirilib. Əsasən 25 və üzəri yaşda olan bəylər üçün hazırlanan hədiyyəlik qutular layihəsi “Ambargo Design” Çin bazarına çıxarılması üçün uyğun görülüb. Hazırda qərb bazarında "recycled fashion" mövzunusuna olan maraq səbəbilə istifadə olunmuş cinslərdən hazırlanan və 16-35 yaş aralığında olan qadınlar üçün nəzərdə tutulan geyim markası “SabinaSahib” isə ABŞ bazarında potensial auditoriyaya təqdim edilib.