“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

Q Ə R A R

“Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

“Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 426-VQD nömrəli Qanununun tətbiqi və “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli 1188 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

                                                                                                                                          Əli Əsədov

                                                                                                                        Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 4 noyabr 2020-ci il

№441

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 noyabr tarixli 441 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi mexanizmini müəyyən edir.

1.2. Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri və müvafiq xarici dövlətin milli qanunvericiliyi nəzərə alınmaqla həyata keçirilir. 

2. Əsas anlayışlar

2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. xaricdə yaşayan aztəminatlı azərbaycanlı - Qanunun 1-ci maddəsi ilə müəyyən olunmuş, ortaaylıq gəliri yaşadığı xarici ölkənin ortaaylıq əməkhaqqından az olan və həmin ölkədə 182 (yüz səksən iki) gündən çox müddətdə yaşayan azərbaycanlı; 

2.1.2. xaricdə yaşayan aztəminatlı azərbaycanlılara göstərilən sosial yardım - onların sosial vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənmiş birdəfəlik pul yardımı. 

3. Sosial yardım almaq üçün müraciətə əsas yaradan hallar

3.1. Aşağıdakı hallarda xaricdə yaşayan aztəminatlı azərbaycanlılar Azərbaycan Respublikasından sosial yardım almaq hüququna malikdirlər:

3.1.1. qəyyumluğunda (himayəsində) hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan azərbaycanlı şəxslər olduqda;

3.1.2. fövqəladə hallar, müharibə və hərbi əməliyyatlar zamanı zərər çəkdikdə və yaşadığı ölkədə dəymiş zərərin ödənilməsi ilə bağlı sığorta və digər vasitələrdən zəruri yardım almadıqda;

3.1.3. vəfat etmiş yaxın qohumunun cənazəsinin Azərbaycan Respublikasına gətirilməsi zərurəti yarandıqda. 

4. Sosial yardım almaq üçün müraciət

4.1. Sosial yardım almaq üçün müraciət edən şəxs “Elektron hökumət” portalında və ya Azərbaycan Diasporuna Dəstək Fondunun (bundan sonra – Fond) rəsmi internet səhifəsinin “Dövlət xidmətləri” bölməsində yerləşən “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi ilə bağlı müraciətlərin qəbulu” elektron xidmətindən istifadə etməklə, müraciəti elektron formada həyata keçirir.

Bunun üçün müraciətə aşağıdakı sənədlər əlavə edilir:

4.1.1. sosial yardım almaq üçün əsas yaradan hallar və müraciət edən şəxslər barədə təsdiqedici sənədlər;

4.1.2. yaşayış yeri üzrə qeydiyyatı təsdiq edən sənəd.

4.2. Elektron formada göndərilmiş müraciət dərhal qeydiyyata alınır və 1 (bir) iş günü müddətində müraciət edən şəxsin elektron poçt ünvanına və mobil telefonuna bu barədə məlumat göndərilir. Məlumatın göndərildiyi tarix sosial yardımın göstərilməsi üçün müraciət edilən gün sayılır.

4.3. Xaricdə yaşayan aztəminatlı azərbaycanlıların sosial yardım almaq üçün təqdim etdikləri xarici ölkənin dövlət orqanları tərəfindən tərtib edilmiş sənədlərin həqiqiliyi apostil və ya leqallaşdırma qaydasında təsdiq olunmalıdır. Sənədlər xarici dildə tərtib edildikdə, onların Azərbaycan dilinə tərcüməsi də əlavə olunur. 

5. Sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi

5.1. Sosial yardım almaq ilə bağlı müraciətlərə onların daxil olduğu gündən bu Qaydanın 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş hallara dair 25 (iyirmi beş) iş günü, 3.1.2-ci yarımbəndində nəzərdə tutulmuş hallara dair 5 (beş) iş günü, 3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş hallara dair 3 (üç) iş günü müddətində Fond tərəfindən baxılır və müvafiq qərar qəbul edilir. 

5.2. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir:

5.2.1. bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan sənədlərdə əks olunan məlumatlarda uyğunsuzluq aşkar edildikdə və ya göstərilən məlumatlar tam və ya düzgün olmadıqda;

5.2.2. şəxs yaşadığı ölkənin müvafiq dövlət orqanlarından sosial yardım aldıqda.

5.3. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi hallarda yardımın məbləği və göstərilmə tarixi, təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildiyi hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın surəti həmin gün müraciət edən şəxsin əlaqə vasitələrinə göndərilir.

5.4. Sosial yardımın təyin olunması və ya sosial yardımın təyin olunmasından imtina edilməsi barədə qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati qaydada və ya məhkəmə qaydasında şikayət verilə bilər. 

6. Sosial yardımın ödənilməsi

6.1. Sosial yardımın təyin olunması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində sosial yardımın ödənilməsi həyata keçirilir. 

6.2. Sosial yardım bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbənd- lərində nəzərdə tutulan hallarda müraciət edən şəxsin bank hesabına, 3.1.3-cü yarımbəndində nəzərdə tutulan halda isə cənazənin Azərbaycan Respublikasına gətirilməsinə məsul olan qurumun hesabına köçürülmə yolu ilə ödənilir.

6.3. Sosial yardımın ödənilməsi gecikdirildikdə, müraciət edən şəxs bu barədə Fonda və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məlumat verə bilər.

7. Sosial yardımın yuxarı həddi

7.1. Sosial yardımın yuxarı həddi 3000 (üç min) manat müəyyən edilir.

8. Sosial yardımın göstərilməsinə nəzarət

8.1. Sosial yardımın göstərilməsinə nəzarət Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Digər Xəbərlər