Azərbaycan Diasporuna Dəstək Fondunun Marneulidə təqdimatı keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Elşad Əliyev geniş tərkibli nümayəndə heyəti ilə Gürcüstana səfər edib.
3 aprel tarixində Marneulidə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Diasporuna Dəstək Fondu, Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşvili, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirləri Dursun Həsənov və Fatma Ceren Yazqan, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, Savalan Mirzəyev, Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Şota Rexviaşvili və digər dövlət rəsmiləri, yerli ziyalılar, ictimai fəalların iştiraki ilə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimindən sonra Mərkəzdə Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimat mərasimi baş tutub. İcraçı direktor Elşad Əliyev fondun fəaliyyət istiqamətləri barədə danışıb, ardınca Fondun təqdimat filmi və logosu nümayiş etdirilib. O, bildirib ki, diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan ayrı-ayrı soydaşlarımızın layihələrinin həyata keçirilməsində Fond əhəmiyyətli rol oynayacaq. Daha sonra Elşad Əliyev Fondla bağlı sualları cavablandırıb.