Estoniya İnteqrasiya Fondunun direktoru İrene Kaosaar və mədəni əməkdaşlıq departamentinin rəhbəri Kristina Pirgop Benton ilə görüş keçirilib
29 oktyabr tarixində Azərbaycan Diasporuna Dəstək Fondunun və Estoniyadakı Azərbaycan Evinin əməkdaşları Estoniya İnteqrasiya Fondunun direktoru İrene Kaosaar və mədəni əməkdaşlıq departamentinin rəhbəri Kristina Pirgop Benton ilə görüşüb. Görüş zamanı hər iki Fondun fəaliyyət istiqamətləri haqqında qarşılıqlı müzakirələr aparılıb, diaspora üzvlərinin fəaliyyətinin artırılması və həmçinin milli azlıqların eston cəmiyyətinə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr haqqında məlumat verilib.
Daha sonra Bakının Suraxanı və Tallinin Kristiine rayonu arasında dostluğu simvolizə edən Kotkapoja parkına baş çəkilib. Kristiine rayonunun meri Jaanus Riibe Estoniya Respublikası və Azərbaycan Respublikasının 100 illiyi münasibəti ilə salınan bu park haqqında Fond əməkdaşlarını məlumatlandırıb. Gələcək əməkdaşlıqlar haqqında ümidvar olduğunu qeyd edən tərəflər sonda xatirə fotoları çəkdiriblər.
Səfər çərşivəsində həmçinin Türkiyə Cümhuriyyətinin 98-ci ildönümü münasibətilə Tallin şəhərindəki Türkiyə Səfirliyində keçirilən rəsmi qəbulda həmin ölkədə səfərdə olan Azərbaycan Diasporuna Dəstək Fondunun və Estoniyadakı Azərbaycan Evinin əməkdaşları iştirak edib. Cənab səfir Süleyman İnan Özyıldıza incə dəvəti və qonaqpərvərliyi üçün təşəkkür edən Fondun icraçı direktoru Əkrəm Abdullayev Türkiyə və Azərbaycan dostluq münasibətlərinin önəmini təbrik çıxışında bir daha vurğulayıb.