Balaban cazla görüşür - Balaban meets jazz konserti keçirilib
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Fransanın paytaxtı Paris şəhərində Luvr muzeyinin l'Oratoire du Louvre zalında Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən “Balaban cazla görüşür” (Balaban meets jazz) konsert proqramı təşkil edilib. 28 dekabr tarixində baş tutan konsertdə Azərbaycanın Fransadakı Səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyin üzvləri, diplomatik korpus, diaspor üzvləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və fransız ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Fondun icraçı direktoru Əkrəm Abdullayev açıb. Günün əhəmiyyətini vurğulayan Ə.Abdullayev dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızın geridə qoyduğumuz bu illər ərzində göstərdikləri milli birlik və həmrəyliyin diaspor quruculuğu və inkişafinda böyük yol qət edildiyinin göstəricisi olduğunu bildirib. Çoxmillətli ölkə, mədəni müxtəliflik və tolerantlıq ənə-ənələri güclü olan ölkəmizin hər zaman mədəniyyət və sivilizasiyalar arası əlaqəni dəstəkləmək naminə bu kimi layihələr həyata keçirməyə hazır olduğunu vurğulayıb. Azərbaycan musiqi mədəniyyətindən söz açaraq, azərbaycanlı gənc və istedadlı musiqiçilər -Ələfsər Rəhimov (zurna, balaban, tütək) və Etibar Əsədli (piano) haqqında məlumat verib. Onların musiqimizi dünyada layiqincə təmsil və təşviq etdiklərini diqqətə çatdırıb.
Daha sonra ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri cənab Rəhman Mustafayev çıxışında parlaq qələbənin qazanılmasında soydaşlarımızın, dost icmaların üzvlərinin və Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hər bir insanın böyük payı olduğunu qeyd edib. Fransa-Azərbaycan əlaqələrinin əhəmiyyətindən bəhs edən cənab səfir mədəni əlaqələrin xüsusi rola malik olduğunu bildirib. Daha sonra Azərbaycan xalq musiqiləri, muğamları və caz ilə sintez proqramının avropalı auditoriyaya təqdim edildiyi konsertdə 5 musiqi aləti- balaban, fortepiano, baraban, gitara və bas gitara kvinteti çıxış edib.
Kvintet üzvləri Ələfsər Rəhimov (balaban), Etibar Əsədli (fortepiano ), Naom İsraeli (baraban), Gi Bernfeld (bass gitara) və Kevin Lazakis (gitara) ifalarını fransız tamaşaçıları heyranlıqla izləyib.
"Arşın mal alan", "Sarı gəlin", "Yollar", "Qara qaşın vəsməsi" kimi folklor əsərlərlə yanaşı, həmvətənlərimiz öz bəstələrini də səsləndiriblər.
Qədim musiqi mədəniyyətimizin ən nadir nümunələrindən olan balabanın səsinə heyran qalan izləyicilər tərəfindən konsertdən sonra musiqi albomları satın alınıb.
Qeyd edək ki, Azərbaycan Diasporuna Dəstək Fondu Azərbaycan mədəniyyəti və musiqisinin dünyada təbliği məqsədilə 4 musiqi albomu, 2 kitab nəşrini həyata keçirib.