Azərbaycan Litvada keçirilən festivalda təmsil olunub
Litvanın Kaunas şəhərinin 2022-ci ildə Avropa mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar olaraq bu il şəhərdə bir sıra böyük festivallar və mədəni tədbirlər keçirilir. Kaunas trilogiyasının 2-ci böyük tədbiri May ayının 20-də şəhərin mərkəzi küçəsində baş tutub.
"Kiemų šventę" adlanan festival şəhər sakinlərini birliyi və həmrəyliyi qeyd etməyə səsləyib. Şəhərdə yaşayan icma və təşkilatların proqramları, 70-dən çox tamaşa, o cümlədən simfonik orkestrin, digər ölkələrdən gələn qonaqların, musiqiçilərin, aktyorların, rəqqasların maraqlı proqramlarının nümayişi ilə baş tutub. Kaunasın mərkəzi küçəsi Laisves meydanında 700 masanın iştirakı ilə böyük bir restorana çevrilib
Festivalda Azərbaycan icması və Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) təşkilatçılığı, Azərbaycan Diasporuna Dəstək Fondunun və Azərbaycan Respublikasının Litva Respublikasındakı Səfirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyəti, rəqsləri və milli yeməkləri festival iştirakçılarına təqdim edilib. Festivalda eyni zamanda Azərbaycan tarixi, mədəniyyəti haqqında suallardan ibarət viktorina da təşkil edilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.