Koreyada yaşayan azərbaycanlıların görüşü keçirilib
23 noyabr tarixində BUTA Azərbaycan-Koreya Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Koreyada yaşayan azərbaycanlılar arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və müxtəlif mövzularda məlumat mübadiləsinin aparılması məqsədi ilə tədbir təşkil edilib.
Tədbirin açılış hissəsində Assosiasiyasının sədri Nazim Mikayıllı 2009-cu ildən BUTA Azərbaycan-Koreya Tələbə Təşkilatı, 2015-ci ildən isə Assosiasiya olaraq fəaliyyət göstərən qurumun inkişaf tarixi barədə qonaqlara məlumat verib, çıxışında diaspor fəaliyyətinin vacibliyi, azərbaycanlılar arasında əlaqələrin gücləndirilməsi məqsədi ilə planlaşdırılan tədbirlər və iştirakçısı olduğu Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi barədə qonaqları məlumatlandırıb.
Tədbirdə həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı keçirilib. Fondun ölkə üzrə əlaqələndirici əməkdaşı Zeynəb Sabirli qurumun fəaliyyəti ilə bağlı Koreyada yaşayan həmvətənlərimizi məlumatlandırıb. O, təmsil etdiyi qurumun yaranma məqsədi və fəaliyyət sahələri haqqında məlumat verib, Fondun diaspor təşkilatlarının, eləcə də xaricdə yaşayan soydaşlarımızın layihələrinin həyata keçirilməsində, innovativ ideyalarının dəstəklənməsində əhəmiyyətli rol oynayacağını qeyd edib. Daha sonra layihələrin növü, qəbulu və Fonda müraciətlə bağlı sualları cavablandırıb.
Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin katibi Toğrul Əliyev azərbaycanlılar arasında əlaqələrin gücləndirilməsi və Koreyada Azərbaycanın tanıdılması üçün səfirliyin hər zaman həmvətənlərimizə dəstək olmağa hazır olduğunu vurğulayıb.
Tədbir zamanı Koreyada magistratura pilləsi üzrə təhsilini başa vurmuş və hal-hazırda Koreyanın “JF&B Jubilee Chocolatier” şirkətində çalışan Gülnar Aslanlı Koreya mədəniyyəti və tarixini öyrənmək üçün təşkil olunan bir sıra mədəni proqramlar, tədbirlər barədə çıxış edib. O, çıxışı zamanı öz təcrübələrinə əsaslanaraq Koreya mədəniyyətini dərindən öyrənmək və koreyalılarla mədəni sahədə qarşılıqlı əlaqələrin qurulması üçün belə proqramlara qatılmağın vacibliyini vurğulayıb.
Koreyanın Qanqnam Bələdiyyəsi Qlobal Mərkəzin direktoru Nihat Xəlilzadə Koreyada müxtəlif ixtisas sahələri üzrə təqaüd proqramları və Koreya Respublikasının 2020-ci ildən etibarən viza proseslərində edəcəyi dəyişikliklər barədə məlumat verib.
Dünyanın nəhəng şirkətlərindən biri olan Koreyanın Samsung şirkətində uzun illərdir çalışan Rüfət Mustafayev isə Samsung kimi böyük şirkətlərin işə qəbul prosesləri barəsində qonaqları məlumatlandırıb, Koreyada bakalavr, magistratura və doktorantura pilləsində təhsil alan tələbələrə işə qəbul və dil imtahanlarından yaxşı nəticələr əldə etmək üçün bir sıra məsləhətlər verib.
Tədbir müddətində Koreyada yaşayan azərbaycanlılar arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, təşkilatın yeni idarə heyətinin üzvləri tədbir iştirakçılarına elan edilib.