“İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı layihə həyata keçirilib

Stokholmda “İsveç və Azərbaycan arasındakı dostluq münasibətlərinin təşviqi” adlı tədbir keçirilib. “Scandic Continental” otelində reallaşan tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub.

Qonaqları salamlayan tədbirin təşəbbüskarı, biznesin inkişafı üzrə mütəxəssis Ulrika Nazimson öz fəaliyyəti və bu tədbirin keçirilməsi ilə bağlı qarşıya qoyulmuş məqsədlərdən söz açıb. Sonra çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfirliyinin birinci katibi Vaqif Seyidbəyov, bu tədbirin baş tutması təşəbbüsünü irəli sürdüyünə və keçirilməsi üçün fəaliyyətinə görə Ulrika Nazimsona təşəkkür edib. Diplomat bildirib ki, bu gün Azərbaycanın mədəniyyəti, tarixi, adət-ənənəsi və gözəl təbiəti haqqında daha çox məlumat verməklə və ölkəmizi daha da yaxşı tanıtmaqla yanaşı, eyni zamanda, İsveç iş adamlarına Azərbaycanda ticarət və investisiya imkanlarını nümayiş etdirmək də çox mühim təşəbbüslərdən biridir.

İsveçin Rusiya və MDB ölkələri üzrə Ticarət Palatasının rəhbəri və idarə heyətinin üzvü Hainz Syoqren, keçiriləcək təqdimatın əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan Diasporuna Dəstək Fondunun aparıcı mütəxəssisi Xıdır Kazımov təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, ötən il Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Fond, digər ölkələrdə Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlər və ənənələrinin qorunub saxlanılması habelə, xaricdə yaşayan azərbaycanlıların fəaliyyətinin güclənməsinə və diaspor sahəsində müxtəlif layihələrin reallaşdırılmasına dövlət dəstəyinin verilməsini təmin edir.

Azərbaycanla İsveç arasındakı əlaqələrə də toxunan X.Kazımov qeyd edib ki, Nobel qardaşlarının ölkəmizdə buraxdığı miras bu gün də qorunur. O bildirib ki, bu qəbildən olan fəaliyyətlər arasında Nobel təqaüdü, Bakı Nobel İrsi Fondu və Nobel qardaşları Muzeyini qeyd etmək olar.

Tədbir əsnasında yazıçı Günel Anarqızının və şairə Leyla Bəyimin ingilis dilində nəşr edilmiş “Cry” (Ağı) kitabının təqdimatı da keçirilib. Burada çıxış edən şairə Leyla Bəyim, Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın təcavüzü haqqında məlumat verərək münaqişə haqqında həqiqətlərin İsveçdə də yayılmasının vacibliyini bildirib.

 

Digər Xəbərlər