Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumunda iştirak ediblər
Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları 14-18 oktyabr 2019-cu il tarixində Çin Xalq Respublikasının paytaxtında keçirilən Asiya-Afrika Gənc Sahibkarlar Forumunda iştirak ediblər. Tədbirdə tarixi İpək yolunun əhatə etdiyi 69 ölkədən 700-dək gənc sahibkar, inkubator yaradıcıları, startapçılar və dövlət qurumları nümayəndələri iştirak ediblər. Fondun icraçı direktorunun müavini Aytən Əliyeva öz çıxışında Azərbaycanın İpək yolu üzərində vacib tərəfdaş olduğunu bildirərək, özəl sektorun inkişafı üçün dövlət səviyyəsində həyata keçirilən islahatlardan, biznes fəaliyyəti üçün yaradılan əlverişli mühitdən, dövlət səviyyəsində sahibkarlığa göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. Layihənin əsas məqsədi gənc sahibkarlara və startapçılara bizneslərinin inkişafı üçün dəstək olmaq, onların davamlı ünsiyyəti və innovativ ideyaları həyata keçirmələrinə töhfə vermək, təcrübə mübadiləsi üçün vahid platforma yaratmaq, həmçinin gənclərə öz bizneslərini inkişaf etdirmək üçün bir sıra imkanlar təklif etməkdir.