Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib
Dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə 23 fevral saat 13:00-da Almaniyanın Berlin şəhərindəki Brandenburq qapıları yaxınlığındakı Paris meydanında Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar Ümumavropa Qarabağ mitinqi keçirilib.
Aksiyaya Azərbaycan, Almaniya, Niderland, Macarıstan, Polşa, İspaniya, İtaliya, Belçika, İsveç, Latviya, Litva, Estoniya, Çex Respublikası, Avstriya, İsveçrə, Norveç, Finlandiya, Fransa, Rumıniya, Xorvatiya, Böyük Britaniya, Yunanıstan, Moldova, Ukrayna, Gürcüstan, Türkiyə, ABŞ, Kanada və bir sıra başqa ölkələrdə yaşayan soydaşlarımız, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların diaspor üzvləri qatılıb.
Aksiya iştirakçıları 28 il əvvəl ermənilərin Xocalıda törətdikləri soyqırıma beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması üçün Ermənistana təzyiq göstərilməsini, yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpa edilməsini, münaqişə ilə bağlı qəbul olunmuş məlum beynəlxalq sənədlərə Ermənistanın riayət etməsini tələb ediblər.