Azərbaycan Diasporuna Dəstək Fondu diaspor nümayəndələri ilə yeni musiqili layihəyə start verir

Azərbaycan Diasporuna Dəstək Fondu COVİD-19 yeni növ koronavirus epidemiyası səbəbiylə dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə silsilə konsert proqramları təşkil edir. Konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanacaqdır.

İlk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı Vyana Konservatoriyasının məzunu, musiqiçi Karen Danger- Manafzadə 11 aprel 2020-ci il, Bakı vaxtı ilə 22:00-da çıxış edəcəklər. Qeyd edək ki, Abuzər Manafzadə dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnmişdir.

Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev 13 aprel 18:00-da  Paris şəhərindən konsert proqramı ilə çıxış edəcəkdir. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan Ağarəhim Quliyev fleyta alətində ifa edəcəkdir. Ağarəhim Quliyev dünyanın ən nüfuzlu beynəlxalq musiqi müsabiqələrindən biri olan “Qızıl açarlar” müsabiqəsində fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.

Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova  16 aprel  22:00-da ABŞ-ın Nyu York şəhərindən fortepiano ifası ilə çıxış edəcəkdir. Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. O, bir çox beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosentidir.

Tanınmış pianoçu Səidə Zülfüqarova 18 aprel 19:00-da Fransanın Paris şəhərindən növbəti konsert proqramı ilə çıxış edəcəkdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səidə Zülfüqarova bir çox milli müsabiqələrin qalibi olmaqla yanaşı, IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil almış və Fransa Dövlət Diplomuna layiq görülmüşdür.

Proqram karantin müddətində davam edəcəkdir.

Digər Xəbərlər