Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin konserti keçirilir
Azərbaycan Diasporuna Dəstək Fondu daha bir mühüm layihəni reallaşdırır. Fondun təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə virtual konsert proqramı təşkil edilir. Proqram mayın 28-i Bakı vaxtı ilə 22:00-da olacaq.
MDB məkanında tanınmış simalardan biri, müxtəlif beynəlxalq müsabiqələrin iştirakçısı Emil Qədirov, Ukraynanın xalq artisti, Çaykovski adına Kiyev Dövlət Konservatoriyasının məzunu Qurban Abbasov, Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərin iştirakçısı, Almaniyanın Köln şəhərində yaşayan Seyran İsmayılxanov, Azərbaycan Respublikasının əməkdar artisti Turan Manafzadə, Gürcüstan Konservatoriyasının müəllimi aşıq Nargilə Mehdiyeva, Belarusda yaşayan və bir çox beynəlxalq müsabiqələrdə mükafatlandırılan Günəş Abbasova, Oman Sultanlığında yaşayan sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Əmirbəyova və kanon ifaçısı Şəbnəm Şıxəliyeva, Avstriyada və bütövlükdə Avropada ölkəmizi layiqincə təmsil edən, bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və musiqimizin geniş təbliğatçısı, Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova öz ifalarını dünya azərbaycanlılarına təqdim edəcəklər.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin ifaları facebook üzərindən canlı yayımlanacaq.