28 May – Respublika Günü Estoniyada Azərbaycan Evində qeyd edildi
Estoniyada Azərbaycan Evinin ilk açılış tədbiri Azərbaycan Respublikasınının 102-ci ildönümünə həsr edildi. Estoniyada Azərbaycan Evinin təşkil etdiyi qəbulda Estoniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri cənab Sven Sester, Estoniya Mədəniyyət Nazirliyinin müşaviri xanım Anne-Ly Reimaa, İnteqrasiya Fondunun rəhbəri xanım İrene Käosaar, Estoniya Respublikasının sabiq Xarici işlər naziri xanım Kristina Ojuland, Estoniyanın siyasi və ictimai xadimləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistlər, Estoniyada fəaliyyət göstərən Türkiyə dəyanətinin, digər milli azlıqların nümayəndələri, Estoniyada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz iştirak ediblər.
Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev tədbirin açılışını elan edib. Tədbir iştirakçılarına 28 May – Respublika Günü haqqında məlumat verən sədr Şərqdə ilk dəfə olaraq Azərbaycanda yaradılmış demokratik respublikanın fəaliyyəti və 1991-ci ildə müstəqilliyin yenidən bərpa edilməsi, təməli Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycan dövlətinin regionun qabaqcıl ölkəsinə çevrilməsi haqqında, o cümlədən iki ölkə arasında həyata keçirilən humanitar və mədəniyyət layihələri, dövlətlərarası əlaqələrin inkişafı barədə məlumat verib. O, çıxışında Estoniyada Azərbaycan Evinin yaradılmasına və dəstəklənməsinə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə və Azərbaycan Diasporuna Dəstək Fonduna təşəkkürünü bildirib.
Estoniyada Azərbaycan Evinin rəhbəri Zəhra Qəhrəmanlı qonaqları salamlayaraq məkanın ilk tədbirinin əlamətdar olaraq məhz Azərbaycan Respublikasının 102-ci ildönümünə həsr olunduğunu qeyd etdi. O, Estoniyada Azərbaycan Evinin gələcəkdəki fəaliyyət istiqamətləri, orada yaradılacaq imkanlar barədə tədbir iştirakçılarını məlumatlandırdı və iştirak üçün təşəkkürünü bildirdi.
Sven Sester isə Azərbaycan xalqını Respublika Günü ilə bağlı təbrik edərək, Estoniya - Azərbaycan münasibətlərinin hərtərəfli, həm Parlament, həm hökumətlərarası, eyni zamanda müxtəlif istiqamətlərdə də yüksək səviyyədə olduğunu qeyd edib.
Estoniya Mədəniyyət nazirinin müşaviri xanım Anne Ly Reimaa Estoniyada Azərbaycan diasporunun xalqlar arasında güclü körpü rolu oynadığını qeyd etdi. O, həm də Azərbaycan icmasının Estoniyanın istiqlaliyyətində xüsusi əməyindən bəhs etdi. Estoniyada Azərbaycan Evinin fəaliyyətə başlamasını yüksək qiymətləndirdiyini və iki ölkə arasında əlaqələrin daha da inkişaf etməsində xüsusi rol oynayacağını vurğuladı.
Irene Käosaar çıxışında Azərbaycan diasporunun Estoniya İnteqrasiya Fondunun yaxın tərəfdaşlarından və Estoniyada inteqrasiya olmuş icmalardan olduğunu qeyd etdi və Respublika günü münasibətilə Azərbaycan xalqını təbrik etdi.
Estoniyanın sabiq Xarici İşlər naziri olmuş Kristina Ojuland çıxışına 28 may Respublika Günü münasibətilə təbriki ilə başladı. Xanım Ojuland Estoniyada Azərbaycan gənclərinin aktivliyindən məmnunluğunu və onların möhkəm diaspor ənənəsini yaşadacaqlarına inandığını qeyd etdi.
Sonra qonaqlara Estoniyada təhsil alan gənclər Nərgiz Əskərova və Rüfət Dərgahlının ifasında musiqili proqram təqdim edilib. Azərbaycanlı istedadlı gənclərin ifa etdiyi mahnılar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda qonaqlara Azərbaycan məhsullarının təqdimatında ziyafət verilib.