Gürcüstanda yaşayan azərbaycanlı gənclərin təhsildə uğuru
Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində 2019 - 2020-ci tədris ilində "Məntiq və Riyaziyyat" kursunda təhsil alan 47 nəfər abiturientdən 35 nəfəri bu il Gürcüstan Respublikasının ali təhsil ocaqlarına qəbul olmaq şansı əldə ediblər. Ən yüksək göstərici Mərkəzdə təhsil olan Nurlan Zeynalov tərəfindən 54 bal olaraq qeydə alınıb. Qeyd edək ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi ötən ilin aprel ayında Azərbaycan və Gürcüstan arasında elm, təhsil, mədəniyyət və idman sahələrində mövcud münasibətlərin dərinləşdirilməsi və yerli azərbaycanlıların vətəndaş cəmiyyətinə inteqrasiyasına dəstək vermək məqsədilə yaradılıb. Bu istiqamətdə həyata keçirilən "Gənclər Gələcəyimizdir - Təhsil Millətin Gələcəyidir" adlı layihə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. 9 müxtəlif istiqamət üzrə kurslar keçirilən Mərkəzdə 300-dən çox azərbaycanlı gənc təhsil almaqdadır.